Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”nin Tədbirlər Planının 2.4.5-ci yarımbəndinin icrası ilə əlaqədar dövlət informasiya sistemlərinin və ehtiyatlarının formalaşdırılması, saxlanılması, aparılması və inteqrasiyasının effektiv təşkili mərkəzləşmiş şəkildə “Hökumət buludu”nun (G-cloud) yaradılmasını zəruri edir.

Bu Strateji Yol Xəritəsinə uyğun olaraq, “Hökumət buludu” layihəsi özündə dövlət informasiya sistemlərinin və ehtiyatlarının vahid platformaya inteqrasiyasının effektiv təşkili yolu ilə dövlət idarəçiliyində xərclərin azaldılmasını və dövlət qurumları arasında koordinasiyanın yüksəldilməsini birləşdirən irihəcmli bir layihədir.

Azərbaycan Respublikası Prezidentinin “Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında 2019-cu il 03 iyun tarixli 718 nömrəli Fərmanına əsasən, “Hökumət buludu” layihəsinin həyata keçirilməsi ilə dövlət informasiya sistemlərinin istismarına, infrastrukturunun qurulmasına və standartlarının formalaşdırılmasına, habelə dövlət idarəçiliyində informasiya sistemlərinin yaradılması və saxlanılması xərclərinin azaldılmasına və dövlət qurumları üçün mərkəzləşdirilmiş infrastrukturun yaradılmasına nail olunacaq. Beləliklə, dövlət qurumlarının informasiya texnologiyalarına, elektron xidmətlərin yaradılmasına və göstərilməsinə tələb olunan dövlət xərclərinin optimallaşdırılması, informasiya sistemlərinin fəaliyyətinin daha müasir standartlar əsasında keyfiyyətli, dayanıqlı və təhlükəsiz infrastrukturda təşkilinin təmin edilməsi imkanı yaranacaq.

718 nömrəli Fərmanda qeyd olunduğu kimi, “Hökumət buludu”nun fiziki təhlükəsizliyinin və kibertəhlükəsizliyinin təmin edilməsi üçün Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti ilə “bulud” infrastrukturunun təhlükəsizliyinin kompleks şəkildə qorunması üçün birgə tədbirlər görüləcək.

Əsas üstünlükləri

“Hökumət buludu” layihəsinin reallaşdırılması ilə dövlət qurumları İT infrastruktur ilə bağlı xərclərin azaldılmasına nail olacaq. Belə ki, “bulud” texnologiyası İT infrastrukturunun “hovuz prinsipi” əsasında vahid platformadan idarə edilməsini təmin etməklə resursların daha səmərəli istifadəsini mümkün edəcək. Dünya təcrübəsi onu göstərir ki, “Hökumət buludu”na miqrasiya etmiş dövlətlər İT xərclərinə əhəmiyyətli dərəcədə qənaət etmiş olurlar.

Yeni yaradılacaq data mərkəzləri “Uptime Institute” təşkilatının “TIER III” beynəlxalq sertifikatına, İT xidmətlərinin göstərilməsi və idarə edilməsi üzrə “ISO-20000” və informasiya təhlükəsizliyi üzrə “ISO 27001” standartlarına cavab verməklə “bulud” xidmətləri üzrə müasir dünya standartlarına uyğunlaşdırılacaq. Həmçinin data mərkəzlərdə istifadə olunan avadanlıqlar “N+1” prinsipi əsasında idarə olunacaq. Bu isə öz növbəsində hər hansı avadanlıqda profilaktika işləri aparılarkən və ya texniki nasazlıq baş verdiyi təqdirdə xidmətin fasiləsizliyinin təmin olunması məqsədilə ehtiyat avadanlıqdan istifadə olunması deməkdir. Beləliklə, informasiya texnologiyalarının idarə olunmasının düzgün və etibarlı şəkildə qurulması bu prosesin təhlükəsiz həyata keçirilməsi üçün bütün hallarda 99,982 faiz dayanıqlılıq səviyyəsini təmin edəcək.

“Hökumət buludu”na qoşulmuş dövlət qurumları onlar üçün ayrılmış İT resurslarını “Özünüidarəetmə platforması” vasitəsilə idarə etmək imkanına malik olacaqlar.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən “Hökumət buludu”nun arxitekturası işlənib hazırlanıb. Həmin arxitekturaya əsasən, “Hökumət buludu”nun fəaliyyətinin aktiv, ehtiyat, arxiv, test data mərkəzləri olmaqla, dörd data mərkəzi vasitəsilə həyata keçirilməsi planlaşdırılır.